SİYASƏT
Səfir: İran Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tanıyır və dəstəkləyir
Bakı, 15 sentyabr, Səlim Rəhimzadə, AZƏRTAC
Yeni layihələrin icrası ilə Azərbaycan və İran iqtisadiyyatları bir-birinə daha da yaxınlaşacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi mətbuat konfransında deyib.
Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq üçün böyük potensialın olduğunu bildirən diplomat deyib: “Əminəm ki, biz bu potensialdan daha yaxşı yararlana bilərik. İqtisadi əməkdaşlıqla bağlı 30-a yaxın layihəmiz var, onların 14-nü bu il həyata keçirmək istəyirik. Bunlar nəqliyyat, enerji, kənd təsərrüfatı və tibb sahələri ilə əlaqədardır. Bu layihələrin icrası ilə iki ölkənin iqtisadiyyatı bir-birinə daha da yaxınlaşacaq. Ticarət sazişi ilə bağlı ölkələrimiz arasında müzakirələr aparılıb. Sentyabrın 14-də iki ölkənin rəsmiləri dəniz nəqliyyatı sahəsində müzakirələr apardılar. Ötən həftə isə enerji nazirlərinin müzakirələri keçirilib”.
Dost, qonşu və müsəlman ölkələri olan İran ilə Azərbaycanın arasında uzunmüddətli münasibətlərin inkişaf etməkdə olduğunu bildirən səfir qeyd edib: Ölkələrimiz arasında münasibətlərin inkişafı üçün heç bir maneə yoxdur. Xalqlarımız və ölkələrimiz arasındakı bu əlaqələr, qarşılıqlı əməkdaşlığımız sayəsində burada özümü yad hiss etmirəm. Dövlətlərimizin başçıları arasında da səmimi və yaxşı münasibətlər qurulub. İran ilə Azərbaycan arasındakı əlaqələr heç vaxt indiki qədər güclü və möhkəm olmayıb. Azərbaycan Prezidenti ilə də çox səmərəli və məhsuldar görüşümüz oldu”.
S.Musəvi, həmçinin qeyd edib ki, qonşularla, o cümlədən Azərbaycanla münasibətlər İran üçün vacibdir və bu əlaqələr başqa ölkələr üçün nümunədir. “Biz Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tanıyırıq, dəstəkləyirik və onlara hörmət edirik”, - deyə diplomat fikirlərini yekunlaşdırıb.