SİYASƏT
Səfir: Tacikistan-Azərbaycan əlaqələri inkişaf edir
Bakı, 6 iyul, AZƏRTAC
Tacikistan-Azərbaycan əlaqələri inkişaf edir, bizim ortaq cəhətlərimiz çoxdur.
Bu fikri Tacikistanın Azərbaycandakı səfiri Rustam Soli Düşənbədə keçirilən “2018-2028: su dayanıqlı inkişaf naminə” mövzusunda beynəlxalq konfransla bağlı bu gün təşkil olunan mətbuat konfransında deyib.
Su mövzusunun aktuallığından danışan səfir hazırda dünyada 800 milyon insanın içməli suya ehtiyac duyduğunu bildirib. O qeyd edib ki, 2050-ci ilə qədər 5 milyard insan və ya dünya əhalisinin yarısı su stresi yaşayacaq. Əhalinin sayının və su tələbatının artması kompleks işlər görməyi tələb edir. Yaşanan iqlim dəyişkənliyinin və demoqrafik artımın gələcək addımları və imkanları müəyyənləşdirəcəyini deyən diplomat bu məqsədlə hər iki ildən bir bu cür beynəlxalq konfrans keçirməyi planlaşdırdıqlarını bildirib.
“Konfransın sonunda qəbul edilən bəyannaməyə BMT Baş Assambleyasının 73-cü sessiyasında dəstək göstəriləcəyinə inanırıq”, - deyən səfir bildirib ki, 2030-cu ilə qədər əhalinin təmiz su ilə təmin edilməsi üçün proqram hazırlanmasına artıq başlanılıb. Rüstəm Soli bu istiqamətdə həmişə Azərbaycandan dəstək gördüklərini deyib.