REGİONLAR


“Şəhərdən Kəndə” turunun budəfəki iştirakçıları fransızlar və italyanlar oldu FOTO

“Aqrar Tədarük və Təchizat” ASC ilə AZƏRTAC-ın birgə layihəsi: “Aqroturizm”

Bakı, 7 noyabr, AZƏRTAC

Lənkərana baş tutan iki günlük “Şəhərdən Kəndə” kənd həyatı fərdi turunun iştirakçıları ölkəmizdə yaşayan və fəaliyyət göstərən xarici ölkə vətəndaşları oldu. İştirakçılar arasında Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşları, ölkəmizdə fəaliyyət göstərən fransız şirkətlərinin direktorları və xarici təşkilatların nümayəndələri də var idi.

AZƏRTAC xəbər verir ki, səfər zamanı turistlər Lənkəran şəhərinin İstisu qəsəbəsində yerləşən Rəftarə Şükürovaya məxsus fermer təsərrüfatı ilə tanış olublar. Qonaqlar müxtəlif sitrus bitkilərinin (feyxoa, naringi, kivi, limon və s.) becərildiyi təsərrüfat sahəsində keçirdikləri zaman ərzində meyvə yığımında iştirak ediblər. Həmçinin təsərrüfat sahibi və turun təşkilatçıları tərəfindən turistlərin ərazidə yerləşən gölə səfərləri də baş tutub.

Dağ və meşə əhatəsində yerləşən fermer təsərrüfatında, sitrus meyvələrinin təbii və ecazkar qoxularının əhatəsində nahar edən qonaqlar yerli təamların, xüsusi ilə də ləvənginin dadına baxıblar.

Daha sonra onlar “Yaşıl Çay” MMC-yə məxsus çay plantasiyalarına səfər ediblər. Burada onlara çay bitkisinin becərilməsi haqqında məlumat verilib, həmçinin ərazidə fəaliyyət göstərən kiçik muzeyə baş çəkiblər. Turistlər çay emalı prosesi haqqında ətraflı məlumatı isə səfər etdikləri “Gilan Tea” MMC-də əldə ediblər. Burada qonaqlar üçün müxtəlif çay növlərinin dequstasiyası da həyata keçirilib.

Növbəti gün isə tur iştirakçıları Lənkəran şəhərində fəaliyyət göstərən “Green East” MMC-də düyü istehsalı prosesi ilə yaxından tanış olublar. Səfərin davamı olaraq Astara rayonunun Kakalos kəndinə baş çəkən turistlər, burada kənd evlərindən birinin qonağı olub, ləvəngi bişirilməsi üzrə “master klass”da iştirak ediblər. Kənd evində xarici qonaqlar üçün təbii kənd məhsullarından ibarət nahar da təşkil olunub.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində hər həftəsonu ölkəmizin müxtəlif regionlarında yerləşən fermer təsərrüfatlarına kənd həyatı turları təşkil olunur. Turların təşkilində əsas məqsəd regionlarda yaşayan kəndli-fermerlərin sosial rifahının yüksəlməsində pay sahibi olmaq və paytaxt sakinləri, eləcə də xarici turistlər üçün alternativ turizm imkanı yaratmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.