CƏMİYYƏT
Şəhid Səfiyar Məmmədovun ailəsi ziyarət olunub
Bakı, 6 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan Səfiyar Məmmədovun ailəsini ziyarət edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, söhbət zamanı şəhidimizin keçdiyi şərəfli döyüş yolundan danışılıb. Onun xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb.
Xüsusi Təyinatlı Qüvvələrin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Səfiyar Məmmədov Prezident İlham Əliyevin Sərəncamları ilə “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Hərbi Xidmətdə Fərqlənməyə görə” medalları ilə təltif edilib. Eyni zamanda Türkiyədə keçirilən birgə təlimlərdə Türkiyə Respublikasının “Yurtda Sülh, Cahanda Sülh” medalı ilə də təltif olunub.
Ailənin sosial vəziyyəti araşdırılıb. Şəhid ailəsinin bundan sonra da sosial dəstək tədbirləri ilə əhatə olunacağı qeyd olunub.