CƏMİYYƏT


Şəhid jurnalist Məhərrəm İbrahimovun Milli Mətbuat Günü münasibətilə təltif olunduğu medal ailəsinə təqdim edilib VİDEO

Bakı, 22 iyul, AZƏRTAC

Şəhid jurnalistlər İbrahimov Məhərrəm Əli oğlunun və Abışov Sirac Abış oğlunun 22 iyul - Milli Mətbuat Günü münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən təltif olunduqları “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalları ailələrinə təqdim edilib.

AZƏRTAC xəbər verir ki, AZƏRTAC-ın şəhid əməkdaşı Məhərrəm İbrahimovun ailə üzvlərinə medalların təqdim olunması mərasimində SHXÇDX-nin Binəqədi rayon idarəsinin rəisi, polkovnik-leytenant Nicat Həsənov, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli, şəhidin ailə üzvləri, iş yoldaşları və yaxınları iştirak ediblər.

Polkovnik-leytenant Nicat Həsənov və İctimai Birliyin sədri Emin Həsənli şəhidin ailə üzvləri ilə görüşdə Məhərrəm İbrahimov ilə bağlı xatirələrini bölüşüb, onun yüksək insani keyfiyyətlərindən və peşəkar jurnalist kimi nümunəvi fəaliyyətindən söz açıblar. Qeyd olunub ki, Məhərrəm İbrahimov və çəkiliş qrupunun digər üzvləri işğaldan azad olunmuş ərazilərimizi qarış-qarış gəzərək oradan xəbərlər hazırlamaqla erməni vandalizminin dəhşətli izlərini dünya ictimaiyyətinin diqqətinə çatdırılması kimi çətin və məsuliyyətli vəzifəni yüksək peşəkarlıqla yerinə yetirirdilər. Onun xidmətləri dövlətimizin başçısı İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib, ölümlərindən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif ediliblər. Şəhid jurnalistlərin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.

Məhərrəm İbrahimovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təltif olunduğu “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı şəhidin övladları Uğur və Toğrula təqdim edilib.

Şəhid jurnalistin ailə üzvü Əsgər İbrahimov qardaşının xatirəsinə göstərilən yüksək ehtirama görə SHXÇDX-nin rəhbərliyinə təşəkkürünü bildirib.

Xatırladaq ki, xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş bir qrup jurnalisti aparan “KamAZ” markalı sərnişin avtomobilinin iyunun 4-də saat 11 radələrində rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.