CƏMİYYƏT


Şəhid leytenant Yaqub Nəcəfovun xatirəsinə həsr olunan onlayn şahmat yarışı keçirilib

Bakı, 24 aprel, AZƏRTAC

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ), Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası Culfa Rayon bölməsi, Culfa Rayon Gənclər və İdman İdarəsi, Culfa Rayon Uşaq Gənclər Şahmat Məktəbi və “İDEA” şahmat klubunun birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunması” medalları ilə təltif olunmuş leytenant Yaqub Nəcəfovun xatirəsinə həsr edilmiş onlayn şahmat turniri keçirilib.

BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, turnirin açılış mərasimindən əvvəl şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Sonra Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası Culfa Rayon bölməsinin sədri Mehdixan Əliyev, Culfa Rayon İcra Hakimiyyəti başçısı Aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsinin müdiri Ruslan Cəfərov, yarışın baş hakimi Fidan Talıbova və başqaları çıxış ediblər.

Çıxış edənlər 44 günlük Vətən müharibəsi ərəfəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, xalq-ordu birliyindən, qələbəyə gedən yollardan danışıblar. Qeyd edilib ki, bu xalq ruhən qalibdir və zəfər onun haqqıdır.

Şəhidin atası Məhəmməd Nəcəfov şəhid ailələrinə, qazilərə və hərbçilərə göstərilən diqqət və qayğıya görə tədbir iştirakçılarına və təşkilatçılara minnətdarlığını bildirib.

Yarış Lichess.org internet platforması üzərindən 98 şahmatçının iştirakı ilə doqquz turdan ibarət təşkil edilib.

Yarışın nəticələrinə əsasən Kamil Rzayev birinci, Rəsul Tarverdiyev ikinci, Mətləb Bədəlov isə üçüncü yeri tutublar. Qızların yarışında Aytac Məmmədova bütün rəqiblərini qabaqlayaraq birinci olub. Aytac Kərimli ikinci, Şəms Fərzəli isə üçüncü yeri tutublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.