CƏMİYYƏT
Şəhid övladları üçün nəzərdə tutulmuş “Qaliblər düşərgəsi” maraqlı ekskursiya və qonaqları ilə davam edir
Bakı, 15 iyul, AZƏRTAC
Şəhid övladları üçün nəzərdə tutulmuş “Qaliblər düşərgəsi”nin iştirakçıları bu dəfə ADA Universitetinə yollanıblar.
Dövlət Miqrasiya Xidmətindən AZƏRTAC-a bildiriblər ki, universitetin prorektoru Fariz İsmayılov düşərgə iştirakçıları ilə görüşüb, onlara universitet barədə məlumat verib. Ali təhsil müəssisəsini gəzdikdən sonra uşaqlar Eltac Cəbiyev tərəfindən “Mən ixtisasımı seçməyə hazırammı? Gələcəyin və bu günün ixtisasları hansılardır?”, Zəhra Həşimovanın təqdimatında isə “Mən özümü inkişaf etdirməliyəm: Liderlik bacarığı nədir?” mövzularında təlimlərə qatılıblar.
Düşərgədə günün proqramına uyğun olaraq, iştirakçılar divar üzərində rəsm, rəqs dərsləri, idman yarışlarına qatılıblar.
İştirakçılar düşərgənin onuncu gününün qonağı Xalq şairi Ramiz Rövşəni qarşılayıblar. Xalq şairi yaradıcılığının müxtəlif mərhələləri və şeirlərinin ərsəyə gəlmə səbəblərindən danışıb, şeirlərini oxuyub, uşaqları maraqlandıran sualları cavablandırıb.
Düşərgə iştirakçıları günə “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna ekskursiya ilə yekun vurublar. Qoruğun tarixi ilə tanış olduqdan və ərazini gəzdikdən sonra əyləncəli viktorinalarda iştirak edərək hədiyyə qazanıblar.