CƏMİYYƏT


Şəhid və müharibə iştirakçısı ailələrinin 3200-dən çox üzvü sosial-psixoloji dəstək və reabilitasiya xidməti ilə əhatə edilib

Bakı, 20 yanvar, AZƏRTAC

Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvləri, müharibə iştirakçıları, müharibədən zərər çəkənlər, erməni terroruna məruz qalanlardan ibarət olmaqla 3200-dən çox şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial-psixoloji dəstək və reabilitasiya xidməti ilə əhatə olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, qeyd olunan kateqoriyalara aid 2500 ailə ilə görüşülüb, psixoloqlardan ibarət qruplar tərəfindən onlardan ehtiyacı olan 1840 ailə ilə fərdi və ailə terapiyası, psixokorreksiya işləri aparılıb. Həmçinin “Onlayn psixoloji dəstək xidməti”nə daxil olmuş 610 zəng üzrə evlərinə gedilməklə psixoloji dəstək tədbirləri görülüb.

Eyni zamanda, nazirliyin reabilitasiya müəssisələrində 20-si şəhidlərin və yaralı hərbçilərin uşaqları, qalanları hərbi qulluqçular olmaqla 300-dən çox şəxsə, Bakı Sağlamlıq Mərkəzində və Sərhəd Qoşunları Hospitalında müalicə olunanlardan 28 hərbi qulluqçuya sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib.

125 hərbi qulluqçu 530-dan çox reabilitasiya vasitəsi, 7 nəfər yaralanmış qazi əlil arabası, 6 hərbçi yüksək texnologiyalı 8 müasir protezlə təmin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.