CƏMİYYƏT
Şəhid və qazi ailələrinə övlad sevinci bəxş edən həkimlərimizdən biri – Fatimə Hacıyeva VİDEO
Bakı, 10 avqust, AZƏRTAC
Xalqın sağlamlığı keşiyində dayanmaq, insanların öz həyatlarını etibar etdikləri həkim adını daşımaq olduqca məsuliyyətlidir. Şəfalı əlləri ilə insanlara sağlamlıq bəxş edərək onların etibar və ehtiramını qazanmaq həkimlərin peşə vəzifələrinin ən ümdə məqamlarından biridir.
Hər kəsin fəaliyyətinin amalı Vətənə, millətə xidmət olmalı, ürəyindən mərhəməti, əməlindən xeyirxahlığı əskik etməməli, dar gündə, birlik zamanında əlindən gələni artıqlaması ilə yerinə yetirməyə hazır olmalıdır.
Belə tibb işçilərindən biri də Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun ginekologiya şöbəsinin müdiri, cərrah mama-ginekoloq, tibb üzrə fəlsəfə doktoru, dosent Fatimə Hacıyevadır. İnsanlığı, mərhəməti, Vətənə, millətə xidməti hər şeydən önəmli hesab edən Fatimə xanım da hər kəs kimi İkinci Qarabağ müharibəsi dövründə bir həkimdən ziyadə, bu Vətənin övladı olaraq ərazi bütövlüyümüz uğrunda canını sipər edənlərin ailələrinə xidmət göstərənlər sırasında idi. O, rəhbərlik etdiyi tibbi heyət ilə birgə Vətən müharibəsi zamanı şəhid və qazi ailələrinə xidmət göstərərək vətəndaşlıq borcunu layiqincə yerinə yetirib.
F.Hacıyeva üçün belə xeyirxah fəaliyyət yad deyil. O, bundan əvvəl idmançıların ailələrinə göstərdiyi dəstəyə görə çoxsaylı idman federasiyaları tərəfindən Fəxri fərmanlarla təltif olunub.
Qeyd edək ki, tibb üzrə fəlsəfə doktoru Fatimə Hacıyeva iki dərs vəsaitinin və 60 dan çox elmi məqalənin müəllifidir.