MƏDƏNİYYƏT
“Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından ilk kitab
Bakı, 7 dekabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyi “Xatirə Kitabı” redaksiyası ilə “Bakı-Xəbər” qəzetinin birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından ilk kitab nəşr edilib. Həmin seriyadan olan “Gözlə, gələcəyəm” povesti jurnalist-publisist İradə Sarıyevanın ilk kitabıdır.
AZƏRTAC xəbər verir ki, sənədli povestdə 23 yaşında Vətən uğrunda döyüşlərdə şəhid olmuş kəşfiyyatçı-snayper, gizir Aydın Abdullayevin ömür yolundan söhbət açılır.
Son dərəcə təsirli epizodlarla zəngin olan povesti şəhidlərimizin müqəddəs ruhlarına yazılmış elegiyaya bənzətmək olar.
Kitabın redaktoru Zülfüqar Şahsevənli “Gözlə, gələcəyəm” kitabına yazdığı “Gedirsən, tez qayıt gəl, gözü yolda qalan var” sərlövhəli “Ön söz”də Vətən yolunda şəhid olan döyüşçünün dünyadan erkən gedişinə təəssüflənir: “İstedadlı qələm dostum İradə Sarıyevanın köksündən vurulan yaralı bir durna harayına sətirlərinin arxasından Aydının Ay işığı çöhrəsini görürəm, pıçıltılarını eşidirəm elə bil”.
Qeyd edək ki, kitabın layihə rəhbəri Azərbaycan Respublikası “Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, rəyçisi “Bakı-Xəbər” qəzetinin baş redaktoru, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aydın Quliyevdir.