REGİONLAR
“Şəhidlər ölməzdir” devizi altında keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb
Şamaxı, 17 yanvar, AZƏRTAC
Şamaxıda gənclər və idman idarəsinin təşkilatçılığı ilə 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar məktəblilər arasında “Şəhidlər ölməzdir” devizi altında şeir kompozisiyası və rəsm müsabiqəsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şeir kompozisiyası və rəsm müsabiqəsində 6 şəhər tam orta və Sabir qəsəbə tam orta məktəblərinin, Avropa və Texniki, Humanitar və Təbiət Fənləri Təmayüllü liseyin 120 nəfər istedadlı şagirdi iştirak edib.
İştirakçılar öncə Şəhidlər abidə kompleksini ziyarət edib, önünə çiçəklər düzüblər.
Sonra Şamaxı Uşaq Gənclər İnkişaf Mərkəzinin akt zalında təşkil olunan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gənclər və idman idarəsinin rəisi Şahmar Hüseynov dağılmaqda olan sovet imperiyasının öz azadlığı uğrunda dinc nümayişə çıxan əliyalın insanlara qarşı törətdiyi vəhşiliklərdən, qanlı hadisədən sonra ümummilli lider Heydər Əliyevin Moskvada öz həyatını təhlükəyə qoyaraq səsləndirdiyi kəskin bəyanatdan danışıb.
Sonra məktəblilərin əl işlərindən ibarət 20 Yanvar faciəsini əks etdirən rəsm sərgisinə baxış keçirilib, şagirdlər şeir kompozisiyaları ilə çıxış ediblər.
Sonda üç ən yaxşı rəsmin müəllifinə və şeir kompozisiyasında fərqlənən şagirdlərə gənclər və idman idarəsinin diplomları verilib.