CƏMİYYƏT
Şəhidlərdən daha 310 nəfərin 492 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edilib
Bakı, 5 mart, AZƏRTAC
Prezident İlham Əliyevin müvafiq Fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın növbəti iclasında daha 310 nəfərin 492 vərəsəsinə birdəfəlik ödəmə (11 min manat) verilməsi barədə qərar qəbul edib.
Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onların siyahısı birdəfəlik ödəmənin həyata keçirilməsi üçün aidiyyəti quruma göndərilib. Yaxın günlərdə müvafiq vəsaitlərin həmin vərəsələrin bank hesablarına köçürülməsi təmin olunacaq. Vəsait köçürüldükdən sonra bu barədə onların sənədlərini təqdim edərkən qeyd etdikləri telefon nömrələrinə elektron qaydada ismarışla rəsmi bildiriş göndəriləcək.
Ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub. İndiyədək 4291 şəhidin 5966 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub və onlardan 3981 şəhidin 5474 vərəsəsinə ödəniş edilib.