CƏMİYYƏT
Şəhidlərimizin xatirəsi Batumidə ehtiramla anılıb





Tbilisi, 27 sentyabr, AZƏRTAC
Şəhidlərimizin əziz xatirəsi Azərbaycan Respublikasının Batumidəki baş konsulluğunda ehtiramla anılıb.
AZƏRTAC xəbər verir ki, konsulluğun inzibati binasında Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş Anım Günü tədbiri keçirilib.
Tədbir iştirakçıları saat 12:00-da şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra iştirakçılar baş konsulluğun binasında Vətən müharibəsinin şəhidlərinin xatirəsinə həsr olunmuş fotostendlərə baxıblar. Fotostendlərdə “Qarabağ Azərbaycandır”, Xarıbülbül loqosu və şəhid olan hərbçilərimizin hər birinin rəsmi təsvir olunub.
Tədbirdə çıxış edən baş konsul Pərviz İsmayılzadə bildirib ki, iki il öncə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, eləcə də işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatlarına başlamışdı.
Rəşadətli Azərbaycan Ordusu 44 günlük hərbi əməliyyatlar nəticəsində Azərbaycanın işğal altında olan Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonu, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri azad edilib.
Noyabrın 8-də Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən, Qarabağın tacı Şuşa şəhəri işğaldan azad olunub. Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə qızıl həriflərlə həkk olunub.
Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından azad olunması müharibənin taleyində həlledici rol oynayıb. Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnib.
Diplomat qeyd edib ki, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin 10 noyabr 2020-ci il tarixində imzaladıqları Bəyanata əsasən, Azərbaycan heç bir itki vermədən Ağdam, Kəlbəcər və Laçın rayonlarını geri alıb. Bu ölkəmizin həm diplomatiya, həm də hərb sahəsindəki böyük uğurudur.
Vətən müharibəsində qazandığımız Qələbə ərazi bütövlüyümüzü, tarixi ədaləti bərpa etməklə yanaşı, yurd həsrəti ilə yaşayan soydaşlarımızın qəlbində yenidən həyat işığı yandırıb, onlara doğma torpaqlara dönmək imkanını yaratdı.
Torpaqlarımızın azad olunması hər bir azərbaycanlının başını uca edib, qürurunu qaytarıb, bizlərə bu anları yaşadan şəhidlərimizin xatirəsi heç vaxt unudulmayacaq. Qələbəmiz uğrunda canlarından keçmiş şəhid və qazilərimiz hər zaman ehtiramla anılacaq.
Anım Günündə çıxış edən Türkiyə Respublikasının Batumidəki baş konsulu iştirakçıları salamlamış, şəhidlərimizə Allahdan rəhmət diləmiş, canları bahasına Azərbaycan torpaqlarının azad edən şəhidlərimiz hər zaman gələcək nəsillər tərəfindən fəxrlə anılacağını bildirib.
O, Türkiyənin 44 günlük Vətən müharibəsi və sonrakı dövrlərdə daim Azərbaycanın yanında olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə Türkiyə Respublikasının Batumi şəhərindəki baş konsulu, SOCAR-ın Acarıstan nümayəndəliyinin rəhbəri, Kulevi QDT-nin nümayəndələri, M.F.Axundov adına Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyətinin və “Əli və Nino” adına Gürcüstan-Azərbaycan Sosial Mədəni İnkişaf Mərkəzinin üzvləri, Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri, Batumidə yaşayan soydaşlarımız iştirak ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi