QAN YADDAŞI
Şəhidlərin qəhrəmanlığı gənclər üçün vətənpərvərlik nümunəsidir
Bakı, 20 yanvar, AZƏRTAC
20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq tarixinin şərəfli səhifəsidir. 1990-cı ilin yanvar qırğını xalqımızın iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.
Bu sözləri Şəhidlər xiyabanını ziyarət edən cüdo üzrə Əməkdar məşqçi Bəxtiyar Məmmədov AZƏRTAC-a müsahibəsində deyib. Bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən faciəli hadisələr sovet imperiyasının xalqımıza qarşı törətdiyi amansız cinayət idi. Həmin gün dinc insanlar amansızlıqla qətlə yetirildi, ailələr başsız qaldı, yüzlərlə insan yaralandı. Hətta yaralıları daşıyan təcili tibbi yardım maşınları atəşə tutuldu. Bu hadisə insanlığa qarşı cinayətdir. 20 Yanvar xalqımızın öz azadlığı uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Şəhidlərin qəhrəmanlığı gənclər üçün vətənpərvərlik nümunəsidir.