CƏMİYYƏT
Səhiyyə Nazirliyi: Binə qəsəbəsində baş vermiş qəzada xəsarət alanların vəziyyəti ağırdır
Bakı, 1 oktyabr, AZƏRTAC
Paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində qatarın 160 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu ilə toqquşması nəticəsində xəsarət alanların sayı 33-ə çatıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yaralıların 27-si Təcili Tibbi Yardım xidmətinin maşınları ilə müxtəlif xəstəxanalara çatdırılıb. Onlardan 2 nəfəri Travmatologiya və Ortopediya Xəstəxanasına, 3 nəfəri Kliniki Tibbi Mərkəzə, qalanları Sabunçu rayonundakı 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib. Xəsarət alanlardan bir nəfərin - 13 yaşlı məktəblinin həyatını xilas etmək mümkün olmayıb.
Yaralılardan bir neçəsi üzərində əməliyyat aparılıb. Ümumilikdə yaralıların vəziyyətinin ağır olduğu bildirilir.