CƏMİYYƏT
Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi pilot layihənin icrasına başlayıb
Bakı, 25 may, AZƏRTAC
Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi Qlobal Fondun dəstəyi ilə Azərbaycanda insanın immunçatışmazlığı virusunun (İİV) təmasdan öncə profilaktikası adlı pilot layihənin icrasına başlayıb.
AZƏRTAC Səhiyyə Nazirliyinə istinadla bildirir ki, İİV-ə yoluxmağa həssas əhali qrup nümayəndələri arasında profilaktik işlər aparan qeyri-hökumət təşkilatlarının əməkdaşlarına təlim təşkil edilib. Məqsəd risk qrupuna aid şəxslərdə İİV-in yayılma səviyyəsinin və QİÇS-lə bağlı ölüm hallarının azaldılmasıdır.
Bu yeni metod riskli təmaslar zamanı İİV-ə yoluxmanın qarşısını almaqdan ötrü sağlam insanlar tərəfindən antiretroviruslu dərman vasitələrindən istifadəni nəzərdə tutur.
İştirakçılara İİV və QİÇS-in yoluxma yolları, yayılması, profilaktik proqramların vacibliyi barədə məlumat verilir, dünyada və Azərbaycandakı mövcud epidemioloji vəziyyət təhlil edilir, hədəfə çatmaq üçün görüləcək işlər müzakirə olunur.