CƏMİYYƏT


Səhiyyə Nazirliyinin nümayəndələri Berlində keçirilən beynəlxalq təlimdə təqdimatlarla çıxış edib

Bakı, 7 iyul, AZƏRTAC

Almaniyanın paytaxtı Berlin şəhərində beynəlxalq BOCO-19 tədqiqat layihəsi çərçivəsində “Xəstəliklərin yükünün təhlili” mövzusunda təlim kursu təşkil olunub.

AZƏRTAC Səhiyyə Nazirliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) şöbə müdiri Nabil Seyidov və İnformasiya və Statistika İdarəsinin rəisi Şahin Xasiyev keçirilən təlimdə iştirak ediblər. COVID-19 və ürək-damar xəstəliklərinin yükünün təhlilinə həsr olunmuş təlimdə nümayəndə heyəti tərəfindən təqdimatlar edilib və təhlillər aparılıb.

BOCO-19 layihəsi Almaniyanın Robert Kox İnstitutunun rəhbərliyi ilə Almaniya, Azərbaycan, Serbiya, Monteneqro, Gürcüstan, Qırğızıstan, Qazaxıstan və Özbəkistan respublikalarının ictimai səhiyyə və səhiyyə statistikası sahəsində çalışan dövlət qurumları və ali təhsil müəssisələrinin iştirakı ilə həyata keçirilir. Almaniya Xarici İşlər Nazirliyi və Robert Kox İnstitutunun dəstəyi ilə icra olunan layihənin əsas məqsədi ictimai səhiyyə və səhiyyə statistikası sahəsində mütəxəssislərin bilik və bacarıqlarının genişləndirilməsi, ölkələr arasında əməkdaşlığın və şəbəkələşmənin gücləndirilməsidir. İSİM 2021-ci ildən bu layihədə rəsmi tərəfdaş kimi iştirak edir. İndiyədək İSİM-in 2 nümayəndəsi Serbiyada, 4 nümayəndəsi Tbilisidə və 1 nümayəndəsi Berlində keçirilən təlimlərdə iştirak edib.

Layihə çərçivəsində Robert Kox İnstitutu ilə İSİM arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Bu müqavilə əsasında İSİM-in nümayəndələrinin həmin institutun bazasında təlim-tədris prosesində iştirakı, institutun mütəxəssislərinin İSİM ilə birgə çalışmalar aparması və müvafiq təklif və tövsiyələrin birgə hazırlanmasına imkan yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.