CƏMİYYƏT
Səidə Ömər: Gələcəkdə belə yarışmalarda gənclərimizin at belində, əlində ox-yayı ilə təmsil olunmasını istərdim
İstanbul, 22 may, AZƏRTAC
Türkiyənin Balıkesir vilayətində beynəlxalq “Atlı Oxçuluq” yarışması keçirilib.
AZƏRTAC xəbər verir ki, Balıkesirin Sındırqı Bələdiyyəsi ilə Türkiyədə fəaliyyət göstərən Atlı Oxçuluq və Savaş Sənətləri Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutan yarışmada dünyanın 36 ölkəsindən 100-ə yaxın iştirakçı yarışıb.
Tədbirdə ölkəmizi qardaş ölkədə fəaliyyət göstərən həmvətənimiz, jurnalist Səidə Ömər təmsil edib.
Təəssüratlarını AZƏRTAC-la bölüşən Səidə Ömər deyib: “Ölkəmi belə bir tədbirdə təmsil etdiyim üçün qürur duyuram. Atçılıq və ya oxçuluqla məşğul olmasam da, mərasimin açılış hissəsində “Dədə Qorqud” dastanının ekran versiyasında yer alan “İncə bellim” mahnısı əsasında rəqsi və “Uzundərə” milli rəqsimizi ifa etdim. Bundan əlavə, Vətənimə aid şeirlər səsləndirdim, ürək sözlərimi söylədim”.
Tədbir əsnasında həmyerlimiz Sındırqı Bələdiyyəsinin sədri Əkrəm Yavaşa və Atlı Oxçuluq və Savaş Sənətləri Dərnəyinin rəhbəri Enis Yurdakökə Qarabağ və Təbriz haqqında kitablar, eləcə də Azərbaycan Bayrağı hədiyyə edib.
“Bələdiyyə başçısının tviter hesabında Azərbaycan bayrağı ilə çəkilən fotolarını paylaşması çox qürurvericidir. Təbii ki, biz “Bir millət, iki dövlət”ik, lakin çox sayda ölkənin iştirak etdiyi bir mərasimdə məhz azərbaycanlı olduğum üçün xüsusi diqqət görmək məni çox duyğulandırdı. Gələcəkdə belə yarışmalarda gənclərimizin at belində, əlində ox-yayı ilə təmsil olunmasını çox istərdim”, - deyə Səidə Ömər bildirib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul