MƏDƏNİYYƏT
Şeiriyyət ilhama çağırır məni! VİDEO
Kiyev, 3 dekabr, AZƏRTAC
Kiyevdə, Səməd Vurğun adına kütləvi kitabxanada “Şeiriyyət ilhama çağırır məni” adlı ədəbi gecə keçirilib. Gecədə Azərbaycandan hədiyyə göndərilmiş kitabların təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Ukraynadakı Azərbaycan diasporunun nümayəndələri, mədəniyyət xadimləri, alimlər, KİV nümayəndələri, 210 və 247 nömrəli orta məktəblərin şagirdləri iştirak ediblər.
Kitabxananın direktoru Qalina Çebotaryova çıxışında Azərbaycan şairlərinin və yazıçılarının yeni ədəbi və bədii əsərlərini Ukraynaya göndərdiyinə görə UNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin sədri Lətifə Məmmədovaya təşəkkür edib.
“Ukrayna Azərbaycanlıları Elmi Şurası” İctimai Təşkilatının sədri, Ukraynanın Əməkdar təhsil işçisi, hüquq elmləri doktoru, Ukrayna Milli Aviasiya Universiteti Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq kafedrasının professoru Arif Quliyev çıxışında bildirib ki, bu tədbir Ukrayna ilə Azərbaycan arasında mədəni dəyərlər mübadiləsinin yüksək səviyyədə olduğunu göstərir. O, “Elm və xalq diplomatiyası” adlı yeni kitabını kitabxanaya hədiyyə edib.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev bildirib ki, S.Vurğun adına kitabxana həm Ukraynada yaşayan azərbaycanlıların öz həmvətənlərinin əsərlərini oxuya bildikləri, həm də başqa millətlərin nümayəndələrinin Azərbaycan mədəniyyəti ilə tanış olduqları məkandır.
Ukrayna Jurnalistlər İttifaqının üzvü Nikolay Vaskiv Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Ukrayna yazıçısı və tərcüməçisi Dmitri Çistyakovun Ukrayna dilində “І шляхом Істини постав я сам...” adlı Nəsimi poeziyası toplusu üzərində işini qeyd edib və bu toplunu Azərbaycanla Ukrayna arasında qarşılıqlı mədəni münasibətlərin inkişafında böyük addım adlandırıb.
Birləşmiş Azərbaycanlılar Konqresinin nümayəndəsi Hacı Əbülfəz Qasımov da tədbir iştirakçılarına təşəkkür edib və əmin olduğunu bildirib ki, belə tədbirlər həm Ukraynada yaşayan azərbaycanlılar, həm də ukraynalılar üçün çox maraqlıdır, çünki Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmağa kömək edir.
Gecənin sonunda 247 nömrəli məktəbin şagirdləri müəllimləri Səfayə Naibovanın rəhbərliyi ilə Azərbaycan mədəniyyətini təcəssüm etdirən bədii nömrələr təqdim ediblər.
Rüstəm Məmmədov
Kiyev