CƏMİYYƏT
Şəkərli diabet xəstələrinin psixoloji vəziyyəti və xəstəliklə mübarizə yolları müzakirə olunub
Bakı, 14 noyabr, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Ümumdünya Şəkərli Diabetə Qarşı Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbiri giriş sözü ilə açan klinikanın direktorunun müalicə işləri üzrə müavini Adil Nuriyev bu xəstəliyin bütün dünyada geniş yayıldığını bildirib, diabetin insan orqanizminə vurduğu zərərlər barədə danışıb.
Professor Tamfira Əliyeva çıxış edərək şəkərli diabetin dünyada və Azərbaycanda epidemiologiyası, əsasən bu xəstəliyin ölkəmiz üzrə statistik göstəricilərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
ATU-nun Tədris Terapevtik Klinikasının Endokrinologiya şöbəsinin müdiri Könül İsmayılova şəkərli diabet xəstəliyi olan şəxslərin psixoloji vəziyyəti və xəstəliklə mübarizə yolları barədə məlumat verib.
Sonra endokrinoloq, dosent Səbinə Məşədiyeva “Diabet Məktəbi”nin tarixindən danışıb və qeyd edib ki, bu məktəbin əsas məqsədi şəkərli diabet xəstələrini maarifləndirmək və onlara özlərinə düzgün qulluq etmə qaydalarını aşılamaqdan ibarətdir.
Tədbir iştirakçıların sualların cavablandırılması ilə davam etdirilib.