REGİONLAR
Şəki Dövlət Dram Teatrı “Sevil” tamaşasını təqdim edəcək
Şəki, 20 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəki Dövlət Dram Teatrının yaradıcı kollektivi Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək “Cəfər Cabbarlı həftəsi” çərçivəsində noyabrın 28-də Akademik Rus Dram Teatrının səhnəsində teatrsevərlərə görkəmli dramaturqun “Sevil” pyesi əsasında səhnələşdirilmiş eyniadlı tamaşanı təqdim edəcək.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın ədəbi dram hissəsinin rəhbəri Sevda Nəsirova məlumat verib.
Teatrın rəsmisi bildirib ki, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibətilə dövlət sifarişi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Orxan Həmidli, quruluşçu və geyim üzrə rəssamı Sahib Əhmədov, bəstəkarı Firudin Allahverdi, rəqslərin quruluşçusu isə Çingiz Novruzəliyevdir. Tamaşada rolları Əməkdar artistlər Xanlar Həşimzadə, Akif Yusifov, Rəhim Qocayev, aktyorlar Pərviz İsmayılov, Fərahim Fətəliyev, aktrisalar Lalə Məmməd, Arzu Mustafayeva, Nazilə İmamhüseynova və Aysun Mustafazadə ifa edəcəklər. Əsərin əsas qəhrəmanı Sevil obrazını canlandıracaq gənc aktrisa Zümrüd Əliyeva bu rolla debüt edəcək.
Xatırladaq ki, görkəmli dramaturqun anadan olmasının 120 illiyinin qeyd edilməsi haqqında dövlət başçısının müvafiq Sərəncamına əsasən Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 23-dən 30-dək “Cəfər Cabbarlı həftəsi” keçiriləcək. Həftə çərçivəsində Bakı şəhərində ədibin əsərləri əsasında ölkə teatrlarının hazırladıqları tamaşalar nümayiş olunacaq.