REGİONLAR
Şəki Dövlət Yol Polisi Bölməsi uşaq bağçalarında maarifləndirmə tədbirlərini davam etdirir
Şəki, 13 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi uşaqların yol hərəkəti qaydaları barədə biliklərini artırmaq məqsədilə uşaq bağçalarında “Yol hərəkəti qaydalarını uşaqlara necə öyrədək?” mövzusunda maarifləndirmə tədbirlərini davam etdirir. Növbəti tədbir Şəki şəhər 8 və 9 nömrəli uşaq bağçalarında keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftaliyev uşaqlarla təhlükəsiz davranış qaydaları barədə maarifləndirici söhbət aparıb. Uşaqlara yol hərəkət nişanlarının, işıqforun, piyada keçidlərinin həyatımızdakı rolu, əhəmiyyəti, onlara düzgün əməl olunması barədə ətraflı məlumat verilib. Yol hərəkəti qaydalarını kiçik yaşlarından öyrənməyin və buna əməl olunmasının vacibliyi vurğulanıb.
Tədbir zamanı uşaqlar öz bacarıqlarını nümayiş etdirib, yol nişanları, işıqfor barədə şeir və mahnılar səsləndiriblər.