REGİONLAR
Şəki, Oğuz, Qobustan, Şamaxı, Kürdəmir və Hacıqabulda mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək
Bakı, 16 sentyabr, AZƏRTAC
Sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, xüsusən də ammofos və nitroammofos gübrələrinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb. Növbəti satış Şəki, Oğuz, Kürdəmir, Şamaxı və Hacıqabulda təşkil ediləcək.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, səyyar satış sentyabrın 17-də Şəkidə Qayabaşı, Qobustanın Sündü, sentyabrın 18-də Şəkinin Kiçik Dəhnə, Şamaxının Ovculu, sentyabrın 19-da Şəkinin Baş Layısqı, Kürdəmirin Karrar, sentyabrın 20-də Hacıqabulun Nəvahi, Oğuzun Padar, sentyabrın 21-də isə Hacıqabulun Udulu kəndlərində, həmçinin Xaçmazda keçiriləcək.
Adı çəkilən, eləcə də ətraf kəndlərin sakinləri tələb olunan sənədləri - torpaq aktı və ya çıxarış, icra nümayəndəsindən ərizə-məlumat formasını və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrə ala bilərlər.
Səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq üçün 1652 çağrı mərkəzi və (+99451) 2559383, (+99451) 2293207 əlaqə nömrəsinə müraciət etmək lazımdır.