REGİONLAR
Şəki, Qəbələ və Oğuzda buraxılış imtahanları doqquz mərkəzdə aparılıb
Şəki, 10 mart, Mustafa Dadaşov, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin martın 10-da qurumun Şəki regional bölməsinin əhatə etdiyi Şəki, Qəbələ və Oğuz rayonlarında ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirdiyi buraxılış imtahanlarının birinci mərhələsi başa çatıb.
Regional bölmənin müdiri Səbuhi Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, imtahanların keçirilməsi üçün Şəkidə 4, Qəbələdə 3, Oğuzda 2 olmaqla, ümumilikdə 9 imtahan mərkəzi ayrılmışdı. İmtahanlarda 3786 şagird, o cümlədən Şəki rayonu üzrə 2013, Qəbələ rayonu üzrə 1273, Oğuz rayonu üzrə 500 şagird iştirak edib. İmtahanların idarə olunmasına bu rayonlarda 28 imtahan rəhbəri və 343 nəzarətçi müəllim cəlb olunub.
İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edib.
Regional bölmədən verilən məlumata görə, bütün imtahan mərkəzlərində 9-cu sinif şagirdləri üçün buraxılış imtahanlarının birinci mərhələsi mövcud təlimata uyğun keçib və heç bir qanun pozuntusuna yol verilməyib.