REGİONLAR
Şəki və Mingəçevir şəhərlərində qəbul imtahanlarının keçirilməsi üçün 6 imtahan mərkəzi ayrılıb
Şəki, 15 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) iyulun 15-də qurumun Şəki regional bölməsinin əhatə etdiyi Şəki və Mingəçevir şəhərlərində 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanları uğurla başa çatıb.
AZƏRTAC xəbər verir ki, imtahanların keçirilməsi üçün Şəki şəhərində 4, Mingəçevirdə isə 2 imtahan mərkəzi ayrılıb.
Şəki şəhərində imtahanlar 8, 12, 14 nömrəli tam orta məktəblərdə, həmçinin fizika-riyaziyyat və humanitar təmayüllü liseydə təşkil olunub. İmtahanlarda, ümumilikdə, 1752 abituriyentin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına 12 imtahan rəhbəri və 161 nəzarətçi-müəllim ayrılıb.
Mingəçevir şəhərində isə ali təhsil müəssisələrinə qəbul imtahanları 18 nömrəli tam orta məktəbdə və texniki-humanitar liseydə təşkil olunub. İmtahanlarda 1208 abituriyentin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına 10 imtahan rəhbəri və 114 nəzarətçi-müəllim cəlb olunub.
TQDK-nın Şəki regional bölməsinin müdiri Səbuhi Hüseynovun verdiyi məlumata görə, qəbul imtahanları mövcud təlimata uyğun aparılıb və saat 14.00-da uğurla başa çatıb. İmtahanların gedişində heç bir qanun pozuntusu qeydə alınmayıb.