REGİONLAR
Şəkidə Əməkdar artist Əbülfət Salahovun 60 illiyi qeyd olunub
Şəki, 19 may, Mustafa Dadaşov, AZƏRTAC
Şəki Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Əməkdar artist Əbülfət Salahovun 60 illik yubileyi və səhnə fəaliyyətinin 45 illiyi münasibətilə tədbir keçirilib.
Teatrda təşkil olunan yubiley tədbirində şəhər rəhbərliyi, ziyalılar, ictimaiyyətin nümayəndələri, teatrsevərlər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin əvvəlində Səməd Vurğunun "Vaqif" dramının motivləri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub. Səhnə əsərinin ssenari müəllifləri mərhum rejissor Mərdan Feyzullayev və şair Vaqif Aslan, quruluşçu rejissoru Mərdan Feyzullayevdir. Tamaşada Vaqif obrazını yubilyar, Əməkdar artist Əbülfət Salahov, Qacar obrazını isə Əməkdar artist Xanlar Həşimzadə canlandırıblar. Səhnə əsərində Qarabağ xanlığının tarixinə aid “Qarabağnamə”lərdən istifadə edilib. Tamaşa tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbirdə Şəki Dövlət Dram Teatrının aparıcı səhnə ustası Əbülfət Salahovun səhnə fəaliyyətindən bəhs olunub. Qeyd edilib ki, 1977-ci ildən həvəskar aktyor kimi teatrda əmək fəaliyyətinə başlayan Əbülfət Salahov işlədiyi müddətdə teatrın səhnəsində qoyulmuş Azərbaycan və dünya dramaturgiyasının incilərindən sayılan 200-dən çox tamaşada maraqlı, yaddaqalan obrazlar yaradıb, az bir müddətdə böyük tamaşaçı auditoriyasının sevimlisinə çevrilib. O, bir neçə dəfə Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülüb, 2013-cü ildə “Əməkdar artist” fəxri adını alıb.
Yubiley tədbirində çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Azərbaycan teatrının uzun və şərəfli tarixi yol keçdiyini, teatr sənətinə dövlətimiz tərəfindən daim diqqət və qayğı göstərildiyini, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Şəki Dövlət Dram Teatrında əsaslı təmir və yenidənqurma işlərinin aparıldığını bildirib, teatrın kollektivinə uğurlar arzulayıb.
Yubilyara Şəki Şəhər İcra Hakimiyyətinin fəxri fərmanı və xatirə hədiyyəsi təqdim edilib.
Tədbirdə iştirak edən Xalq artisti Vaqif Əsədov Şəki Dövlət Dram Teatrının fəaliyyətini yüksək qiymətləndirib, Əbülfət Salahovu təbrik edərək, ona Mədəniyyət Nazirliyinin fəxri fərmanını və Azərbaycan Teatr Xadimləri İttifaqının mükafatını - "Sənətkar" medalını təqdim edib.