ELM VƏ TƏHSİL
Şəkidə “Dayanıqlı inkişaf: tədqiqatlar, innovasiyalar” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
Bakı, 5 iyun, AZƏRTAC
Sentyabrın 22-dən 24-dək Şəki şəhərində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin yaranmasının 50 illik yubileyi münasibətilə “Dayanıqlı inkişaf: tədqiqatlar, innovasiyalar” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, konfrans ipəkçilikdə innovasiyalar - bioloji materiallar və modellər, bitki biomüxtəlifliyinin davamlı istifadəsi, tullantıların səmərəli və ekoloji əsaslarla istifadəsi, radioekologiya, landşaft dinamikası və səhralaşma problemləri, turizm və rekreasiya imkanları, tarixi, arxeoloji, etnoqrafik irsin öyrənilməsi, müasir dövrdə folklorun tədqiqi və təbliği elmi istiqamətlərini əhatə edir.
Tezislər Azərbaycan, türk, ingilis və ya rus dillərində “Microsoft Word” mətn emal proqramı ilə yazılmalı və iyulun 31-dək [email protected] elektron ünvanına göndərilməlidir. Tezislər dəyərləndirildikdən sonra müəlliflər e-mail vasitəsilə məlumatlandırılacaq. Tezisləri qəbul etdikdən sonra məqalələrin qəbulu həyata keçiriləcək. Məqalələr sentyabrın 15-dək təqdim edilməlidir.
Konfransa yeni tədqiqatlara əsaslanan və indiyədək dərc edilməyən məqalələr təqdim edilməlidir. Azərbaycan, türk və rus dillərində olan məqalələrin ingilis dilində xülasəsi təqdim edilməlidir. Təqdim olunan məqalələr tələblərə cavab vermədiyi halda çap edilməyəcək. Məruzələrin məzmununa və təqdim edilən nəticələrə görə məsuliyyəti müəlliflərin özü daşıyır. Təqdimatlar əyani formada, üz-üzə həyata keçiriləcək.
Tezis və məqalələrin tərtib edilməsi qaydaları ilə daha ətraflı AMEA-nın saytında tanış olmaq mümkündür. Qəbul edilən tezis və məqalələr konfrans materialları toplusunda dərc ediləcək.
Əlavə məlumat üçün: (+994 51) 359 39 19
E-mail: [email protected]