REGİONLAR
Şəkidə Xocalı faciəsi qurbanlarının xatirəsinə 613 ağac əkilib
Şəki, 24 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə Şəkidə ağacəkmə aksiyası təşkil olunub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində təşkil edilən aksiyada şəhər rəhbərliyi, idarə və müəssisələrin, hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də gənc fəallar iştirak ediblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, aksiyada Şəki Şəhər Rayon Polis Şöbəsinin şəxsi heyəti də fəal iştirak edib. Polis əməkdaşları tərəfindən yeni əkilən ağac tingləri suvarılaraq onlara aqrotexniki qulluq göstərilib. Ağacların küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırılıb.
Aksiya zamanı Heydər Əliyev Mərkəzinin ərazisində və Şəki-Qax-Zaqatala avtomobil yolunun kənarında, ümumilikdə, 613 tuya və digər həmişəyaşıl ağaclar əkilib.