REGİONLAR
Şəkidə şəhid ailələrinin maarifləndirici tur-aksiyası keçirilir
Şəki, 24 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Şəki şəhərində “Şəhid ailələrinin I maarifləndirici tur-aksiyası” başlanıb.
AZƏRTAC-ın bölgə müxbiri iyulun 24-də Şəki şəhərindəki “Yuxarı Karvansaray” mehmanxana kompleksində tur-aksiyanın açılış tədbiri keçirilib. Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin əməkdaşları, İctimai Birliyin nümayəndələri, respublikamızın müxtəlif bölgələrindən olan 20-dək şəhid ailəsinin üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər ölkəmizdə şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısından danışıblar. Bildirilib ki, şəhid ailələrinin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. Vurğulanıb ki, şəhid ailələrinə diqqət yönümündə mənəvi dəstək ruhlu belə maarifləndirici tədbirlərin keçirilməsi olduqca vacibdir.
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin layihələr üzrə koordinatoru Məhəmməd Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, belə maarifləndirici tur-aksiyasını həyata keçirməkdə əsas məqsəd 30 il həsrətini çəkdiyimiz tarixi, əzəli və əbədi torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına savaşaraq müqəddəs şəhidlik şəhadətinə qovuşmuş şəhidlərin ailələrinə dövlət tərəfindən görülən uğurlu işlərə ictimai təkan olmaq, mənəvi dəstək verməkdir.
Qurum rəsmisi şəhid ailələrinə, qazilərə, Vətən müharibəsi iştirakçılarına ictimai, sosial, mənəvi dəstək yönümlü tədbirlərin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.