REGİONLAR
Şəkili fermer: Dövlətin qayğısını hər zaman hiss edirik
Şəki, 21 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Ölkəmizdə ənənəvi sahələrdən olan tütünçülüyün inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi, tütünün satış qiymətinin artırılması şəkili fermerlərin də tütünçülüyə marağının artmasına səbəb olub.
Rayonun Baş Göynük kənd sakini Mehman Mustafayev uzun illər tütünçülüklə məşğul olub. Tütünçülük tənəzzülə uğradıqdan sonra bir müddət təsərrüfatın digər sahələrinə üz tutan fermer dövlətin tütünçülüyə dəstəyindən ruhlanaraq yenidən tütün əkib-becərməyə maraq göstərib, ailə təsərrüfatı yaradıb.
Şəkili fermer AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində ötən təsərrüfat ilində əldə edilən uğurlardan söz açıb. Tütünçülüyün çox gəlirli sahə olduğunu bildirən Mehman Mustafayev deyib: “Uzun illər fasilədən sonra 2016-cı ildə 7 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkdim, 84 ton yaşıl tütün kütləsi tədarük etdim. 2018-ci ildə ailəliklə bu işlə məşğul olaraq 12 hektar sahədə tütün yetişdirdik, 180 ton yaşıl kütlə və 9 ton quru tütün əldə etdik. 2019-cu ildə təsərrüfatımıza əlavə işçilər cəlb edərək, tütün əkini sahələrini 17 hektara çatdırdıq. Ötənilki mövsümdə sahələrdən 250 ton yaşıl tütün kütləsi tədarük etməyə müvəffəq olduq, eyni zamanda, 17 ton quru tütün istehsal etdik. Tütünün alış qiyməti biz fermerləri qane edir, qazancımız yaxşıdır. Dövlətimiz hər zaman fermerin yanındadır, qayğını daim hiss edirik. Tütünün satışından əldə etdiyim gəlirdən əlavə, 2 min manatadək subsidiya da almışam. Ötən il təsərrüfatımızda 20 nəfər mövsümi işlərə cəlb olunub”.
Şəkili fermer bu il tütün əkini sahələrini bir az da genişləndirərək 20 hektara çatdırmağı, 350 tonadək yaşıl kütlə tədarük etməyi qarşısına məqsəd qoyub. “Ümid edirəm ki, bu il məhsulumuz daha da bol olacaq, ailəmizin gəlirləri daha da artacaq”,- deyə Mehman Mustafayev bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2019-cu il 25 dekabr tarixli Sərəncamı ilə kənd təsərrüfatının inkişafındakı xidmətlərinə görə Mehman Mustafayev 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunub.