REGİONLAR
Şəkili şəbəkə ustası: Xan Sarayının bərpasında iştirak etdiyimə görə qürur hissi keçirirəm VİDEO
Şəki, 9 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Qədim və zəngin tarixə, yüksək mədəniyyətə malik olan Şəki şəhəri tarixən sənətin və sənətkarlığın yüksək səviyyədə inkişaf etdiyi ərazilərdən biri olub. Şəki sənətkarlarının yüzillər boyunca əldə etdikləri təcrübə nəsildən-nəslə keçməklə zəmanəmizədək gəlib çatıb. El sənətkarlarının misilsiz sənət ənənələrini davam etdirən şəkili sənətkarların fədakar əməyi sayəsində bu qədim şəhərdə zəngin tarixi-mədəni irs yaranıb.
Bakıda keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi şəkili sənətkarlar tərəfindən də böyük razılıq hissi ilə qarşılanıb.
Şəkinin tanınmış şəbəkə ustası Hüseyn Hacımustafazadə sevinc hisslərini AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşüb: “31 ildir ki, şəbəkə sənəti ilə məşğul oluram. UNESKO-nun bu qərarı biz sənətkarları da çox sevindirib. Xalqımız bu əlamətdar hadisəni bayram əhval-ruhiyyəsi ilə qeyd edir. Bu tarixi hadisə mənim üçün isə ikiqat sevinclidir. Çünki mən 2002-2004-cü illərdə Xan Sarayının şəbəkə işlərinin bərpasında yaxından iştirak etmişəm. Mənim üçün qürurverici haldır ki, bərpa etdiyimiz bu abidə artıq UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Mən bu işdə əməyi olan bütün insanlara, xüsusilə də Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya Şəki sənətkarları adından minnətdarlığımı bildirirəm”.
Xatırladaq ki, Hüseyn Hacımustafazadə 2002-2004-cü illərdə Almaniyanın “Den Kmalkoh Ege Meckhembelq GMB” şirkəti ilə bağlanmış müqavilə əsasında Şəki xanları sarayının bərpasında yaxından iştirak edib, sarayın qapı və pəncərələrinin, tavanın böyük bir hissəsinin bərpasını yüksək ustalıqla başa çatdırıb. Hüseyn ustanın sözlərinə görə, şəbəkə Azərbaycanın bütün bölgələrində geniş yayılsa da, ən incə, zərif və gözəl şəbəkə məhz Şəki xanlarının sarayındadır. Sadə şəbəkənin bir kvadratmetrinə 5 min xırda detal düşdüyü halda, Xan Sarayındakı pəncərə şəbəkələrinin hər kvadratmetrinə 14 minədək detal hissə və rəngli şüşə düşür. Bu, o deməkdir ki, hissələr o qədər kiçikdir ki, əl ilə, barmaqla tutub yığmaq mümkün deyil və mütləq xüsusi maqqaşdan istifadə olunmalıdır.