REGİONLAR
Şəkili şəbəkə ustasının əl işləri ABAD sənətkarlıq mərkəzlərində satışa çıxarılıb VİDEO
Şəki, 25 dekabr, AZƏRTAC
Azərbaycan sənətkarlıq məktəbinin istiqamətlərindən biri də şəbəkə sənətidir. Bu sənət xüsusilə Şəki şəhərində daha çox inkişaf edib. Şəbəkə sənətinin bariz nümunəsi isə bu üslubda inşa olunmuş Şəki xan sarayıdır. XVIII əsrdə tikilmiş xan sarayında o dövrün ustaları tərəfindən işlənilmiş zərif naxışlar, şəbəkələr bu gün də göz oxşayır.
AZƏRTAC xəbər verir ki, Şəkidə babalarımızın ənənələrini yaşadan sənətkarlardan biri də ABAD-ın üzvü Vüqar Rəsulzadədir. Ailə təsərrüfatlarına ASAN dəstək konsepsiyası ilə fəaliyyət göstərən ABAD gənc sənətkara öz köməyini əsirgəmir.
Şəbəkə ustalarının nəslində dünyaya gələn Vüqar Rəsulzadə deyir ki, ailə emalatxanasında babası və atasından yadigar qalan bu sənəti davam etdirmək və daha da təkmilləşdirmək istəyir.
Qeyd edək ki, bu incə sənətin sirlərinə yiyələnən Vüqar təkcə Şəkidə deyil, həm də bütün respublikada tanınır. O, bir çox sərgilərdə iştirak edib, hətta beynəlxalq səviyyəli sərgilərin laureatı adına layiq görülüb, diplomlarla təltif olunub.
Şəbəkə sənətinin inkişafına dəstək göstərmək üçün Vüqar Rəsulzadəni öz sıralarına cəlb etmiş ABAD ona satışın təşkili istiqamətində xidmətlər göstərir.
Hazırda şəkili sənətkarın əl işləri ABAD sənətkarlıq mərkəzlərində sərgi-satışa çıxarılıb.