REGİONLAR
Şəkinin Oxud kəndində modul tipli məktəb binası quraşdırılıb
Şəki, 16 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəki rayonunun dağ kəndlərindən olan Oxudun sakinləri yeni dərs ilinin ilk günündə dəyərli bayram hədiyyəsi alıblar. Sentyabrın 16-da bu kənddə ümumi orta məktəb üçün quraşdırılan 96 şagird yerlik modul tipli bina öz qapılarını şagird və müəllimlərin üzünə açıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni dərs ilinin başlanması münasibətilə məktəbdə keçirilən tədbirdə çıxış edən Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova ölkəmizdə elm və təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından, rayonun təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən bəhs edib. Bildirilib ki, son illər rayonda 35-dək yeni məktəb binası tikilib və ya əsaslı təmir edilib. O cümlədən son iki ildə rayonda 8 modul tipli məktəb binası quraşdırılaraq şagirdlərin istifadəsinə verilib.
Hazırda Şəki şəhərindəki 11 saylı tam orta məktəb üçün 960 şagird yerlik yeni binanın tikintisi sürətlə davam etdirilir. Dördmərtəbəli və beş korpusdan ibarət bu məktəb binası Prezident İlham Əliyevin ötən il oktyabrın 29-da imzaladığı Sərəncama əsasən inşa olunur. Binanın tikintisinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.
Diqqətə çatdırılıb ki, cari tədris ilində Şəkinin 71 tam orta, 22 ümumi orta və 3 ibtidai məktəblərində 27 min 140 şagird təhsil alacaq. Onlardan 2 min 225 nəfəri bu il birinci sinfə qədəm qoyub.