REGİONLAR
Şəkinin Qumux kəndində vətəndaşların təbii qazla bağlı problemləri dinlənilib
Bakı, 23 may, AZƏRTAC
Ətrafda yerləşən bəzi kəndlər qazlaşdırılsa da, yaşadığımız Qumux kəndində uzun illərdir ki, təbii qazdan istifadə edə bilmirik. Xahiş edirik, bu görüşün nəticəsi olsun və bizim kənd mavi yanacaqla təmin edilsin.
AZƏRTAC xəbər verir ki, bu sözləri Şəki rayonunun Qumux kənd sakini Babək Cəfərov “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində keçirilən görüşdə bildirib. Digər çıxış edən kənd sakinləri də təbii qaz olmaması səbəbindən üzləşdikləri çətinliklərdən söz açıblar. Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev ölkə üzrə qazlaşdırılma prosesinin sürətlə və mərhələli şəkildə davam etdiyini söyləyib. “Bunun nəticəsidir ki, artıq ölkədə abonentlərimizin sayı 2 milyon 400 min nəfəri ötüb”, - deyə qurum rəsmisi əlavə edib.
Aksiyaya Qumux sakinləri ilə yanaşı, Cunut və Şin kəndindən də vətəndaşlar üz tutublar. Onlar təbii qazın olmaması səbəbindən qarşılaşdıqları çətinliklərdən söz açıblar. Daxil olan bütün müraciətlərlə bağlı Birliyin məsul şəxsləri yerindəcə izahatlar veriblər.
Qeyd edək ki, görüşdə Birliyin məsul şəxsləri ilə yanaşı, Şəki Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri də iştirak ediblər.