REGİONLAR
Şəkinin daha bir yaşayış məntəqəsi qazlaşdırılıb VİDEO
Şəki, 17 oktyabr, AZƏRTAC
Dövlət Müstəqilliyi Günü ərəfəsində Şəki rayonunun Böyük Dəhnə kəndinin sakinləri dəyərli bayram hədiyyəsi alıb. Uzun illər fasilədən sonra oktyabrın 17-də kəndə təbii qazın verilməsi bərpa olunub.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə rayonun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən bəhs edilib. Bildirilib ki, 940 abonenti olan Böyük Dəhnə kəndinin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 6 min 802 metr müxtəlif diametrli polietilen və 67 min 247 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, bütün mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Diqqətə çatdırılıb ki, cari ilin sonuna kimi Şəkinin daha 19 yaşayış məntəqəsinin təbii qazla təmin edilməsi nəzərdə tutulur. Bunun nəticəsində rayonda əhali abonentləri üzrə qazlaşma 85 faizə çatacaq.
Kənd sakinləri əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb.