CƏMİYYƏT
Səkkiz ayda 4 ton 432 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb
Bakı, 17 sentyabr, AZƏRTAC
Bu ilin yanvar-avqust aylarında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı aidiyyəti orqanlar tərəfindən aparılmış mübarizə tədbirlərinin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunda təhlil olunaraq ümumiləşdirilib.
Komissiyanın İşçi qrupundan AZƏRTAC-a bildiriblər ki, bu ilin səkkiz ayında hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ümumilikdə 5963 cinayət faktı aşkarlanıb. Onlardan 2181-i narkotik vasitələrin qanunsuz satışı, 3376-sı satış məqsədi olmadan narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 328-i narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi, 78-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlıdır.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 4 ton 432 kiloqram 105 qram narkotik vasitələrin və psixotrop maddələrin 2 ton 403 kiloqram 172 qramını heroin, 1 ton 13 kiloqram 540 qramını marixuana, 285 kiloqram 846 qramını tiryək, 71 kiloqram 931 qramını həşiş, 89,679 qramını kokain, 5327 ədədini metadon, 177 kiloqram 684 qramını digər narkotik vasitələr və 479 kiloqram 842 qramını psixotrop maddələr təşkil edib. O cümlədən göstərilən dövrdə narkotik xassəli bitkilərin kultivasiya edilməsi ilə bağlı 45 min 600 çətənə və xaş-xaş bitkisi aşkarlanıb.
Həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 3696 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Göstərilən dövrdə hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 241 fakt aşkar edilib. Həmin faktlar üzrə 2 ton 46 kiloqram 571,315 qram narkotik vasitə və psixotrop maddə müsadirə olunub. Aşkarlanmış cinayətlərin 260-ı qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən 1 ton 401 kiloqram 120,574 qram narkotik vasitə, 17 kiloqram 299 qram psixotrop maddə və 142,8 qram güclü təsir edən maddə müsadirə olunub.
Bu ilin səkkiz ayı ərzində Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə çəkisi 171 ton 67 kiloqram 903 qram olan yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyənləşdirilərək müvafiq qaydada məhv edilib.