REGİONLAR
Şəlalələr diyarı Ləzədən - FOTOREPORTAJ
Qusar, 23 iyul, Elxan Yusifli, AZƏRTAC
Azərbaycanın şəlalələr diyarı adlandırılan Qusar rayonunun Ləzə kəndi turistlər arasında məşhurdur. Pandemiya səbəbindən bu il əsrarəngiz təbiət mənzərələri ilə zəngin olan kəndə gələn qonaqlar əsasən yerli turistlərdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qafqaz sıra dağlarının şimal-şərqində dəniz səviyyəsindən 4242 metr hündürlükdə Şahdağ yüksəkliyinin ətəyində yerləşən kənddə 10-dan çox dağ şəlaləsi var. Bu da yerli və əcnəbi turistləri buraya cəlb edən əsas amillərdəndir. Kəndin yerləşdiyi yayla dəniz səviyyəsindən 1300 metr yüksəklikdədir.
Ləzənin bir-birindən gözəl şəlalələri, təmiz havası ölkəmizdən kənarda da məşhurdur. 200 nəfərə yaxın əhalisi olan Ləzə kəndində 30-a yaxın ev var.
Yaşayış məntəqəsində qarlı-şaxtalı havalar 7 ay davam edir. Temperatur mənfi 30 dərəcəyədək enir. Qış fəslində kəndin dörd bir yanındakı şəlalələrin əksəriyyəti donaraq əsrarəngiz təbiət mənzərəsi yaradır.
AZƏRTAC Ləzə kəndi və buradakı dağ şəlalələri ilə bağlı hazırladığı fotoreportajı təqdim edir.