CƏMİYYƏT
Selçuk Bayraktar: Ən pis gündə belə hər zaman bir yerdə olduq
Bakı, 26 may, AZƏRTAC
“Bir millət, iki dövlət” olaraq qardaşlığımız dəfələrlə sınanmış və şükür Allaha, hər dəfə sevgi bağımız daha da möhkəmlənmişdir. 1918-ci ildə Bakını İstanbuldan ayrı görməyən Nuru paşanın komandanlığındakı Qafqaz İslam Ordusu və Qarabağda xidmət edən yüksək texnologiyalı milli SİHA-lar hazırlayan türk mühəndisləri də eyni ruhda idilər. Qəlbimizdə yara olan Qarabağ həm də qardaşlığımızın zirvəsidir. Qarabağda qələbənin əsas memarı olan şəhidlərimizi bir daha yad etmək istərdim. Ruhunuz şad olsun!
AZƏRTAC xəbər verir ki, bu sözləri “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar “TEKNOFEST Azərbaycan” festivalının açılış mərasimində çıxışı zamanı söyləyib.
Bakıda qardaşları ilə bir yerdə olmaqdan xoşbəxtlik hissi duyduğunu ifadə edən Selçuk Bayraktar, “TEKNOFEST”i ən yaxşı ifadə edən kəlmələrin komanda işi, yüksək texnologiya, səfərbərlik və inanc olduğunu deyib: “İnanırıq ki, TEKNOFEST Azərbaycanda kiçik qardaşlarımızın marağı ilə getdikcə böyüyəcək. Bu vəsilə ilə türk uşaqları əzmkarlıqları sayəsində nəyə nail ola biləcəklərini dünyaya göstərəcəklər. Kürək-kürəyə verən komandalar dünya miqyasında bütün böyük işlərin öhdəsindən gəlib. Bu gün ölkələrin müstəqilliklərini qorumaları və millətlərin öz taleyini müəyyən edə bilmələri üçün yüksək texnologiyaya sahib olmalarının nə qədər vacib olduğunu hamımız görürük”.
Müasir dünyada müstəmləkəçilik və imperializmə yer olmadığını vurğulayan Bayraktar, bu təhdidlərin dünyanı əsarət altına almasının qarşısını almağın yeganə yolunun texnologiyanı inkişaf etdirərək bəşəriyyətin xidmətinə vermək olduğunu bildirib.
Azərbaycanın “Dost pis gündə tanınar” atalar sözünü misal çəkən S.Bayraktar deyib: “Bu ruh sayəsində ən pis gündə belə hər zaman bir yerdə olduq. İnşallah dünyadakı son günümüzə qədər bir yerdə olacağıq. Mərhum Vətən şairi Bəxtiyar Vahabzadənin də dediyi kimi, “Biz ət ilə dırnaq kimi ayrılması mümkün olmayan qardaşlarıq”. Qardaşlığımızı taclandıran bu misraları bir daha bərabər oxuyaq: “Bir ananın iki oğlu, bir amalın iki qolu. O da ulu, bu da ulu, Azərbaycan-Türkiyə”.