CƏMİYYƏT
Şəmkir sakinlərindən silah aşkarlanaraq götürülüb VİDEO
Bakı, 25 yanvar, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları əllərdə qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, rayon sakini Fikrət Bağırovdan istifadəyə yararlı “Browning S Patent” markalı 6,35 kalibrli tapança Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində aşkarlanaraq götürülüb.
Davam etdirilən tədbirlərlə rayonun Bayramlı kənd sakini, əvvəllər məhkum olunmuş Arzuman Abdullayevin də müvafiq sənədləri olmadan təklüləli, 16 kalibrli və istifadəyə yararlı “İJ” markalı tüfəng saxlaması aşkarlanıb.
Rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Zəyəm-Cırdaxan kənd sakini Qənbər Hüseynovdan heç bir sənədi olmayan “ATM” markalı tüfəng aşkar edilib.
Keçirilən daha bir tədbir nəticəsində qanunsuz ov edən Asif Nəbiyev də barəsində qanunamüvafiq tədbir görülüb. Belə ki, onun heç bir müvafiq sənədi olmadan 32 kalibrli, qoşa lüləli tüfənglə ovçuluqla məşğul olması müəyyən edilib.
Rayonun Keçili kənd sakini Cahangir Məmmədovun da sənədsiz “İJ” markalı ov silahı aşkar edilərək götürülüb.
Silahlar hər-hansı bir cinayətdə istifadə olunub-olunmamasının öyrənilməsi üçün ekspertizaya göndərilib.
Faktlarla bağlı Şəmkir Rayon Polis Şöbəsinin istintaq və təhqiqat bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, araşdırmalar aparılır.