ELM VƏ TƏHSİL
Şəmkir şəhərində ingilis, fransız, alman və rus dili fənləri üzrə elmi-metodik seminar keçiriləcək
Bakı, 21 yanvar, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 27-də Şəmkir şəhərində ingilis, fransız, alman və rus dili fənləri üzrə buraxılış imtahanlarında tətbiq ediləcək modelə dair elmi-metodik seminar keçirəcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, şöbə müdiri Afiqə Batıyeva seminar iştirakçılarını buraxılış imtahanlarının yeni qaydaları ilə tanış edəcək. Elmi-metodik seminarda ingilis dili fənni üzrə DİM-in metodika və dərsliklərin monitorinqi şöbəsinin böyük məsləhətçisi Könül Həsənova “Buraxılış imtahanının proqramları, tapşırıq nümunələri və qiymətləndirmə meyarları haqqında”, fransız dili fənni üzrə Azərbaycan Dillər Universitetinin (ADU) professoru, filologiya üzrə fəlsəfə doktoru Çəmən Babaxanova “Buraxılış imtahanının proqramları, tapşırıq nümunələri və qiymətləndirmə meyarları haqqında”, alman dili fənni üzrə ADU-nun dosenti Raya Həsənova “Buraxılış imtahanının proqramları, tapşırıq nümunələri və qiymətləndirmə meyarları haqqında”, rus dili fənni üzrə Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi Afət Mürsəliyeva “Buraxılış imtahanının proqramları, tapşırıq nümunələri və qiymətləndirmə meyarları haqqında” məruzə ilə çıxış edəcək.
Seminar Şəmkir şəhər Nizami Gəncəvi adına tam orta məktəbdə (Ş.Qurbanov, 53 ünvanında) saat 10:00-da başlanacaq.