CƏMİYYƏT
Şəmkir və Tovuz rayonlarında keçirilən seminarlar əmək qanunvericiliyinin tətbiqinə dair maariflənməyə həsr olunub
Bakı, 30 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən müvafiq Tədbirlər Planına uyğun olaraq Şəmkir və Tovuz rayonlarında əmək qanunvericiliyi və onun tətbiqinə dair maarifləndirmə məqsədilə seminarlar keçirilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Əmək normaları, əməyin ödənilməsi normaları, qaydaları və təminatları” mövzusunda təşkil olunan seminarda Şəmkir, Gədəbəy və Daşkəsən rayonlarında fəaliyyət göstərən ayrı-ayrı işəgötürənlərin nümayəndələri iştirak ediblər.
Şəmkirdə keçirilən seminarda qeyd olunub ki, əmək normalarının tətbiqi, dəyişdirilməsi və onlara yenidən baxılması kollektiv müqavilələrlə müəyyən edilir, həmin müqavilə bağlanmadıqda isə həmkarlar ittifaqları ilə razılaşdırma əsasında işəgötürənlər tərəfindən həyata keçirilir.
Əməyin işəmuzd ödənilməsi qiymətlərinin müəyyən edilməsi ilə əlaqədar bildirilib ki, Əmək Məcəlləsinə əsasən, əməyin işəmuzd ödənilməsində qiymətlər müəyyən edilmiş iş dərəcələri, əməyin ödənilmə dərəcələri, tarif (vəzifə) maaşları və hasilat normaları (vaxt normaları) əsas götürməklə müəyyən edilir. İşəmuzd qiymət görülən işin dərəcəsinə uyğun olan gündəlik tarif maaşın (və ya saatlıq tarif maaşının) gündəlik (və ya saatlıq) hasilat normasına bölünməsi yolu ilə müəyyən edilir. İşəmuzd qiymət görülən işin dərəcəsinə uyğun olan gündəlik tarif maaşının (və ya saatlıq tarif maaşının) günlə (və ya saatla) müəyyən edilmiş vaxt normasına vurulması yolu ilə də müəyyən edilə bilər. Hasilat, vaxt və xidmət normalarının qüvvədə olma müddətləri, hasilat normalarının yerinə yetirilməsi üçün şəraitin təmin olunması, əməyin ödənilməsi normaları və s. ilə bağlı qanunvericilikdən irəli gələn prinsiplər diqqətə çatdırılıb.
Tovuz rayonunda keçirilən seminar isə “Məcburi əmək və insan alverinin qarşısının alınması” mövzusuna aid olub. Ombudsmanın Gəncə Regional Mərkəzinin, Tovuz rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik tədbirlər bölməsinin və Tovuz, Qazax, Ağstafa rayonları üzrə ayrı-ayrı işəgötürənlərin nümayəndələrinin də iştirak etdiyi tədbirdə qeyd olunub ki, Konstitusiyaya görə, heç kəs zorla işlədilə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmçinin Əmək Məcəlləsi hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçinin onun əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur olunmasını qadağan edir. Ölkəmizin Beynəlxalq Əmək Təşkilatının “Mәcburi əmәk һaqqında” 29 saylı və “İcbari əməyin ləğv edilməsi haqqında” 105 saylı Konvensiyalarına qoşulduğu, milli qanunvericiliyin də həmin Konvensiyalara uyğunlaşdırıldığı vurğulanıb.
Hər iki seminarda iştirakçıların sualları cavablandırılıb, onlara mövzu ilə əlaqədar maarifləndirici bukletlər paylanılıb.