CƏMİYYƏT
Şəmkirdə çətənə bitkiləri əkən şəxslər saxlanılıblar VİDEO
Bakı, 18 iyun, AZƏRTAC
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Mehirli kənd sakini 56 yaşlı Alim Novruzəliyevə məxsus evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə (kannabis) bitkiləri aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, şahidlərin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı beş çətənə kolu aşkar olunub. Bundan başqa A. Novruzəliyevin üzərinə baxış keçirilərkən 3 ədəd kibrit qutusunda ümumi çəkisi 17,212 qram olan qurudulmuş marixuana da aşkarlanıb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Dəllər-Cəyir kənd sakini 38 yaşlı Tofiq Hüseynova məxsus evin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş 12 çətənə kolu götürülüb.
Maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Həmin şəxslər dindirilərkən çətənə kollarını özləri becərdiklərini bildiriblər.