REGİONLAR
Şəmkirdə işlədiyi mağazadan oğurluq edən şəxs saxlanılıb
Şəmkir, 2 fevral, Rauf Hacıyev, AZƏRTAC
Şəmkir rayon sakini Polad Qasımov rayon polis şöbəsinə müraciət edərək, yanvarın 31-dən fevralın 1-nə keçən gecə ona məxsus avtomobil ehtiyatı hissələri satılan mağazaya naməlum şəxs və ya şəxslərin gizli yolla daxil olaraq, oradan 3000 manat pul və təhlükəsizlik kamerasının yaddaş qurğusunu oğurladıqlarını bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, həmin mağazada avtomobil təmiri ilə məşğul olan, Düyərli kənd sakini 20 yaşlı Abbasəli Hümbətli şübhəli şəxs qismində saxlanılıb.
İlkin dindirmə zamanı o, törətdiyi hadisəni etiraf edib və pulun bir qismini xərclədiyini, yaddaş qurğusunu isə yaxınlıqdan keçən su kanalına atdığını deyib. Pulun qalan hissəsi və təhlükəsizlik kamerasının yaddaş qurğusu tapılaraq maddi sübut kimi istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.