CƏMİYYƏT
Şəmkirdə oğurluq edən şəxslər saxlanılıb VİDEO
Bakı, 26 mart, AZƏRTAC
Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, əvvəllər dəfələrlə məhkum olunmuş Rövşən Nağıyev 2020-ci ilin aprelində rayon ərazisindəki oyun zallarından birinə qeyri-qanuni yolla daxil olaraq oradan 800 manat dəyərində avadanlıq oğurlayıb.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində R. Nağıyevin rayon ərazisində daha bir oğurluq etməsi aşkarlanıb. Belə ki o, martın 21-də tanışı Samir Mehdiyevlə əvvəlcədən planlaşdıraraq, inzibati binalardan birinə daxil olaraq oradan 1 ədəd kompüter oğurlayıb.
Bundan başqa, R.Nağıyev saxlanılan zaman onun üzərinə qanunla müəyyən olunmuş qaydada baxış keçirilərkən 46,607 qram narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.
Şübhəli şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktlarla bağlı araşdırma aparılır.