SİYASƏT
Senator Mark Uorner Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar ABŞ-ın azərbaycanlılar diasporuna məktub göndərmişdir
Bakı, 12 mart (AZƏRTAC). Demokrat senator, Virciniya ştatının sabiq qubernatoru Mark Uorner Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırımı haqqında Amerika Azərbaycanlılar Şəbəkəsinin (USAN) məktubuna cavab vermişdir.
AZƏRTAC USAN-a istinadla xəbər verir ki, cavab məktubunda senator ona müraciət edilməsinə görə təşəkkürünü bildirmişdir. Məktubda deyilir: “Xocalı faciəsinin ildönümü ilə əlaqədar mənə müraciət etdiyinizə görə Sizə təşəkkür edirəm. Bu qırğının qurbanlarının xatirəsi Vaşinqtonda ehtiramla yad edilmişdir”.
M.Uorner Azərbaycan diasporunu əmin etmişdir ki, o, Virciniya ştatının sakinlərini, o cümlədən Azərbaycan diasporunun nümayəndələrini narahat edən problemlərin həll olunması üçün səy göstərəcəkdir.
Senator bildirmişdir ki, o özü və onun qərargahının üzvləri Azərbaycan diasporunun fikrini diqqətlə öyrənəcək və müvafiq qanunvericilik aktı qəbul edilməsinə çalışacaqlar.
Xatırladaq ki, ABŞ Konqresinin bəzi üzvləri bundan əvvəl Azərbaycan xalqının və Azərbaycan diasporunun kədərinə şərik olaraq Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmişlər.