ELM VƏ TƏHSİL
Sənaye idarəetmə sistemlərinin təhlükəsizliyi üzrə tədqiqat əlaqələri genişləndirilir
Bakı, 12 fevral, AZƏRTAC
AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin Kibertəhlükəsizlik bölməsinin rəhbəri, professor Yaçek Qayevski və Stokholm Universitetinin Kompüter və sistem elmləri kafedrasının professoru Oliver Popov ilə görüşüb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, görüşdə akademik Rasim Əliquliyev ölkəmizin Avropanın qabaqcıl elmi tədqiqat müəssisələri ilə ikitərəfli və çoxtərəfli əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.
R.Əliquliyev ötən ay Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində Davos Forumu ilə Azərbaycan arasında Dördüncü Sənaye İnqilabı üzrə Bakıda regional mərkəzin yaradılmasının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən mühüm hadisə kimi qiymətləndirildiyini diqqətə çatdırıb. Akademik institutda Industry 4.0 konsepsiyası və süni intellekt sahəsində Azərbaycan elminin dəyərli nailiyyətlər əldə etməsi məqsədilə yeni prioritetlər müəyyən edildiyini diqqətə çatdırıb.
Y.Qayevski ötən ilin yayında Bakıya səfəri zamanı İnformasiya Texnologiyaları İnstitutunda keçirdikləri görüşü xatırladaraq, bu qurumla olan elmi əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Professor O.Popov Bakıda keçirilmiş “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi (AICT 2019)” mövzusunda 13-cü beynəlxalq konfransda institutun alimləri ilə görüşləri barədə yaddaqalan xoş təəssüratlarını bölüşüb.
Görüşdə elmi və elmi-innovativ sahədə, o cümlədən sənaye idarəetmə sistemlərinin təhlükəsizliyi üzrə tədqiqatlar istiqamətində qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.