İQTİSADİYYAT
Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi altı ayda 4,2 faiz artıb
Bakı, 14 iyul (AZƏRTAC). Bu ilin birinci yarısında ölkə sənayesinin təsərrüfat subyektlərində 16,9 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, sənaye məhsulunun 72,9 faizi mədənçıxarma bölməsində istehsal olunub və 21,2 milyon ton neft, 9,1 milyard kubmetr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib. Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 21,1 faizini təşkil edib. İstehsal olunan sənaye məhsulunun 5,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşür.
Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-iyun aylarının səviyyəsini 4,2 faiz üstələyib, neft-qaz sektorunda isə 3,4 faiz azalıb. Ümumi sənaye istehsalının 93,4 faizi malların (əmtəələrin), 6,6 faizi isə sənaye xarakterli xidmətlərin payına düşüb. Məhsulun 80,3 faizi özəl bölmədə istehsal olunub.