CƏMİYYƏT
Şənlik mərasimlərinin keçirildiyi bir sıra məkanlarda pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulması aşkarlanıb
Bakı, 12 iyul, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iyulun 10–11-də Quba rayonunda Vaqif küçəsi, 151 ünvanında fəaliyyət göstərən “Qızıl tac” və Gəncə şəhəri, Vəli Xuluflu 131 ünvanında fəaliyyət göstərən “Şah saray” şadlıq saraylarında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu faktları aşkar olunub.
Həmin şadlıq saraylarında 150 nəfərlik şənlik mərasiminin keçirilməsi üçün müvafiq portala rəsmi müraciət olunmuş və keçirilən baxış zamanı şənlik mərasimində göstəriləndən artıq şəxsin iştirakı üçün nəzərdə tutulduğu müəyyən olunub. Bundan əlavə, nəzarət tədbirləri çərçivəsində Bakının Nizami rayonunda T.Abbasov, 20 ünvanında fəaliyyət göstərən “Sevinc”, Yasamal rayonunda A.M.Şərifzadə küçəsində fəaliyyət göstərən “Ağ çiçəyim”, Nizami rayonunda A.Manafov küçəsi, məhəllə 2347 ünvanında fəaliyyət göstərən “İmperator”, Sumqayıt şəhərində 9-cu mikrorayon, Ü.Hacibəyli küçəsində fəaliyyət göstərən "Səma", Abşeron rayonunun Masazır qəsəbəsində Ə.Vahid küçəsində fəaliyyət göstərən "Brilyant", Qəbələ rayonunun Həmzəli kəndində fəaliyyət göstərən “Qəbələ Palace”, Quba rayonunun Əzizbəyov küçəsində fəaliyyət göstərən “Quba", Göyçay rayonunun Qarabaqqal kəndində fəaliyyət göstərən "Kənan", Kürdəmir rayonunun Karrar qəsəbəsində fəaliyyət göstərən "Miraj Palace", Şəmkir rayonunun Bakı-Qazax yolunun 391 kilometrliyində fəaliyyət göstərən “Ceyhun” və Tovuz rayonunun Abulbəyli kəndində “Uğurlu” şadlıq saraylarında şənlik mərasimində xidmət göstərən işçi heyətin tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi aşkar edilib.
Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.