REGİONLAR
Sentyabrda səyyar gübrə satışından 977 fermer yararlanıb
Bakı, 24 sentyabr, AZƏRTAC
Sentyabr ayında “Aqrolizinq” ASC tərəfindən rayonlarda güzəştli qiymətlərlə səyyar gübrə satışı həyata keçirilib. Səyyar satışlar rayon mərkəzindən uzaq məsafələrdə yerləşən kəndlərdə həyata keçirilir. Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışında vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısını almaq, vətəndaş məmnuniyyətinə nail olmaqdır.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Şəmkir, Gədəbəy, Samux, Qobustan, Şəki, Oğuz, Xaçmaz, Kürdəmir, Hacıqabul rayonlarında keçirilən səyyar gübrə satışından 977 vətəndaş yararlanıb. Güzəştli qiymətlərlə səyyar gübrə satışı mövsümün sonuna kimi bütün regionları əhatə edəcək.
Səyyar satış zamanı qaydalarda və qiymətlərdə dəyişiklik yoxdur. Vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70 faiz güzəştdən yaralanaraq mineral gübrə əldə edə bilərlər. Səyyar xidmət zamanı səyyar bank terminalları da fəaliyyət göstərir və ödənişlər üçün vətəndaşın banka getməsinə ehtiyac qalmır.
Fermerlər səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq və qeydiyyat üçün 1652 Çağrı Mərkəzi və (+99451) 2559383 əlaqə nömrəsinə müraciət edə bilərlər. Həmçinin xidmətlərin təşkil olunacağı kəndlər barəsində “Aqrolizinq” ASC-nin rəsmi sosial şəbəklərini izləyərək, elanlarla tanış olmaq mümkündür.