İQTİSADİYYAT
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
Bakı, 18 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Azexport.az" portalı "Sərbəst Satış Sertifikatı – yeni ixrac imkanları" mövzusunda təqdimat keçirib.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd sertifikat sayəsində hansı ölkələrə ixrac imkanlarının genişlənməsi barədə məlumatlar təqdim etmək və sahibkarları sertifikatın imkanlarından istifadəyə çağırmaqdır.
"Azexport" portalı vasitəsilə təqdim olunan Sərbəst Satış Sertifikatının verilməsi Azərbaycan şirkətləri üçün əvvəllər ixracı mümkün olmayan 100-dən çox ölkənin bazarlarını açıq edib. Belə ki, 2018-ci ildə sertifikat təqdim olunan dörd şirkət – "Gazelli Group", "Apiaz MMC" ("Ballı" brendi ), "Aznar" QSC, "Brightman" MMC ("ZIRA" brendi) bu sertifikat sayəsində öz məhsullarını ABŞ, Dominikan Respublikası, Filippin, İndoneziya, Çin, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt, Qətər kimi bir çox ölkələrə məhsul ixracını reallaşdırıb.
Dünyanın əksər ölkələrinə idxal üçün icbari xarakter daşıyan sertifikat insan orqanizmi ilə təmasda olan qida, kosmetika, tekstil, tibbi cihazlar, gigiyenik vasitələr və sair məhsulların dövriyyəsində təhlükəsizliyin təmin edilməsi məqsədi daşıyır. Sertifikatı verən orqan bu və ya digər məhsulun ölkə daxilində sərbəst dövriyyədə (satışda) olduğunu həmin sertifikatla təsdiqləyir. Təsdiqləmə üçün məhsula ölkə daxilində müxtəlif qurumlar tərəfindən verilmiş sertifikatların və məhsulun hazırda ticarət şəbəkəsində satışda olmasını təsdiq edən sənədlərin olması kifayət edir. Sertifikatın verilməsi üçün əlavə heç bir laboratoriya testləri tələb olunmur.
Azərbaycanda ilk dəfə təqdim olunan Sərbəst Satış Sertifikatını əldə edən "Gazelli Group"un departament direktoru Nigar Ramazanova bildirib ki, bu sertifikat bir çox ölkələrə ixrac zamanı yaranan problemləri aradan qaldırıb: "Bundan əvvəl bəzi ölkələrdən aldığımız ixrac sifarişlərini reallaşdıra bilmirdik. Buna səbəb ölkədə Sərbəst Satış Sertifikatını təqdim edən qurumun olmaması idi. Hazırda bu problemimiz aradan qalxıb və biz əksər ərəb ölkələrinə rahatlıqla məhsul ixrac edə bilirik".
"Aznar" QSC-nin nümayəndəsi Fərid Xəlilzadə deyib ki, təmsil etdiyi qurumun yeni ixrac bazarlarına çıxması məhz Sərbəst Satış Sertifikatını əldə edəndən sonra mümkün olub: "Uzun müddətdir ki, bizə Filippin, Dominikan Respublikası və digər Okeaniya ölkələrindən ixrac sifarişləri daxil olurdu. Lakin Sərbəst Satış Sertifikatının olmaması ixracı reallaşdırmağımıza mane törədirdi. Hazırda "Azexport" portalı vasitəsilə sertifikatları əldə edə bilirik. Bu bizim üçün yeni ixrac imkanları deməkdir. Düşünürəm ki, bir müddət sonra Amerika və Okeaniya ölkələri ilə yanaşı, dünyanın əksər ölkələri bu sertifikatı idxal zamanı zəruri kimi hesab edəcək".
"Brightman" MMC-nin nümayəndəsi Afət Əhmədova da Sərbəst Satış Sertifikatı vasitəsilə şirkətin əldə etdiyi böyük üstünlüklərdən danışıb: “Şirkət ixrac coğrafiyasını genişləndirməyə çalışır. Son bir neçə ayda Sərbəst Satış Sertifikatını əldə etdikdən sonra biz nəhayət ki, ABŞ bazarına daxil ola bildik. Bu bazarda məhsul satmaq üçün isə həmin sertifikat tələb olunur. Bu sertifikatı aldıqdan sonra rahat şəkildə ABŞ bazarına giriş əldə etdik. Hazırda məhsulların BƏƏ bazarına ixracına çalışırıq. Bu bazarda da həmin sertifikat tələb olunan sənədlər siyahısındadır”.